AĞIR ZƏRBƏ - 9 Марта 2010 - Bakı Strateji Araşdırmalar və Xəbərlər Mərkəzi

Bakı Strateji Araşdırmalar və Xəbərlər  Mərkəzi


Cümə, 09.09.2010, 10:05
 
 
» Menyu
» Giriş Forması
E-mail:
Parol:
» Xəbər Bölmələri
İdman [8]
Qarabag [8]
Mədəniyyət [29]
Siyasət [710]
Kriminal [1]
Diaspora [74]
Müsahibələr [426]
İdealogiya [32]
Tarix [419]
Güney Azərbaycan [84]
» Axtarış
» Təqvim
» Reklamlar
» SAYOKAN


S A Y O K A N
Ön səhifə » 2010 » Mart » 9 » AĞIR ZƏRBƏ
AĞIR ZƏRBƏ
18:16
Aynur QULİYEVA
Milli Məclisin deputa

ABŞ Konqresi Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində "erməni soyqırımı” layihəsinin qəbul edilməsi ABŞ-ın Türkiyəyə ağır zərbəsi kimi qiymətləndirilir. Mən də bu mövqeyi bölüşürəm. Qərb Türkiyə ilə Ermənistan arasında ikitərəfli münasibətlərin qurulması, sərhədlərin açılması və Qarabağ probleminin həlli prosesində Azərbaycanın güzəştlərə məcbur edilməsi üçün "soyqırım” illüziyalarından gen-bol bəhrələnir. Bunlar aydındır.

Amma məni o maraqlandırır ki, Amerika kimi supergüc doğrudanmı bir ovuc erməni lobbisinin diktəsi ilə hətta öz dövləti maraqlarının belə ziddinə addım ata bilər? Çünki Türkiyə Ön Asiya və Cənubi Qafqaz bölgəsində ABŞ-ın ən sədaqətli müttəfiqidir və bunu dəfələrlə sübuta yetirib. ABŞ Türkiyənin iştirakı olmadan bu bölgədə heç bir layihəsini həyata keçirə bilməz. İran, Əfqanıstan, İraq məsələsində bu bölgədə ABŞ-a yeganə dəstək verəcək ölkə Türkiyədir.

O halda belə çıxır ki, Amerika birbaşa özünün əleyhinə işləyən yanlışlara yol verir?

Erməni lobbisi güclü, çox güclü, böyük və geniş əlaqələrə malik ola bilər, amma Amerikanın özündəndəmi güclüdür?

Məncə, bax, bu barədə düşünmək gərəkdir ki, 100 il əvvəlin söhbəti, baş verməyən, törədilməyən saxta "soyqırım” ABŞ kimi bir superdövlətin siyasi gündəmini necə zəbt edir. Heç nəyi araşdırmadan, tarixçiləri dinləmədən yüz il əvvələ qayıtmaq, "hakimlik” iddiasına düşüb qərar vermək haqq-ədalət anlayışları ilə bir araya necə sığır? Axı bu bir həqiqətdir ki, tarixi araşdırmaq parlamentlərin yox, tarixçilərin işidir. Və əgər ABŞ Konqresi bu qədər ədalətlidirsə, niyə yüz il əvvəli təftiş etmək niyyətinə düşüb? Gözümüzün önündə baş verən Qarabağ həqiqətlərini - Xocalı soyqırımını, Qaradağlı qətliamını niyə görməzlikdən gəlirlər? Faktlar, sənəd-sübutlar gün kimi ortada, Xocalı dəhşətləri lentə alınıb, bu ürəkyaxan görüntülər niyə amerikalı parlamentarların hisslərinə təsir etmir? Yenədəmi hər şeyi "xristian qardaşlığı” prizması həll edir?

Mənə elə gəlir, indən sonra "nə olur-olsun, çalışıb, çaba göstərib layihənin Konqresdən keçməsinin qarşısını almalı” deyə yollar aramaq çox azdır. Hətta layihə keçməsə belə, Türkiyənin üzərindən bu saxta ittiham götürülməyəcək. Ən azı "soyqırım baş verməyinə baş verib, amma biz güzəştə gedib sərt qərar qəbul etmirik” şəklində bir açıqlama Türkiyəyə lazımdırmı?

İlk növbədə AKP iqtidarı bu nəticəyə gətirib çıxaran prosesi ciddi şəkildə analiz etməli və indiyəqədərki səhvlərin təkrar edilməməsinə səy göstərməlidir. Amerika siyasətində ciddi çəkiyə və təsirlərə malik olan yəhudi lobbisi faktoru diqqətə alınmalı, Türkiyə-İsrail münasibətlərinin normallaşdırılması istiqamətində iş aparılmalıdır. Dövləti idarə edən, onun siyasətini yönləndirən şəxslər ölkəsinin maraqlarını ucuz pafosun və populizmin qurbanına çevirməməlidir. Bu cür məsələlərdə müdriklik tələb olunur. Bəlkə də Ərdoğanın Davosda İsrail əleyhinə məlum bəyanatı olmasaydı, "soyqırım” məsələsi ABŞ-da bu tezliklə aktuallaşmayacaqdı və istər Türkiyəyə, istərsə də Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunmayacaqdı.

Baş verənlər indiyədək birmənalı qarşılanmayan bir gerçəyi də aydınlatdı: Azərbaycanın haqlı olduğunu. Bir müddət öncə Ermənistanla sərhədlərin açılması məsələsi müzakirəyə çıxarılanda Azərbaycan Qarabağın işğal altında, Türkiyəyə qarşı ərazi və qondarma "soyqırım” iddialarının gündəmdə olduğu bir şəraitdə ermənilərlə səmimi əməkdaşlığın yolverilməzliyini dəfələrlə bəyan eləmişdi. Türkiyə iqtidarı isə bunun Qarabağ probleminin müsbət həllinə yol açacağını sübut etməyə çalışır, Azərbaycan iqtidarını baş verənləri anlayışla qarşılamağa çağırırdı. O vaxt Azərbaycan kimi tərəfdaşı, təbii müttəfiqi itirmək narahatçılığı "Ermənistan işğal etdiyi Qarabağ ərazilərini boşaltmayınca Türkiyə Böyük Millət Məclisi Sürix protokollarını ratifikasiya etməyəcək” bəyanatını ortaya çıxardı. Amma əvvəlcədən bu danışıqlara getməmək olardı.

Azərbaycanın mövqelərinin danışıqlar prosesində zəifləməməsi üçün Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasının mümkünsüzlüyü ilk öncədən şərt kimi qarşı tərəfə elan oluna bilərdi.

Təqdirəlayiq haldır ki, hazırkı şəraitdə Azərbaycan öz müttəfiqini - Azərbaycan türklərinin ikinci vətəni sayılan Türkiyəni tək qoymadı, qardaş ölkənin müdafiəsinə qalxdı. İstər hökumət, istərsə də parlament səviyyəsində xarici əlaqələr komitəsinin qərarı pislənildi və rəsmi şəkildə ortaya mövqe qoyuldu. Şübhəsiz ki, başqa cür ola da bilməzdi. Çünki bir daha deyirik, baş verənlər Türkiyəni nə dərəcədə təhdid edirsə, Azərbaycan üçün də bir o dərəcədə təhlükəli perspektivdən xəbər verir. Azərbaycanla Türkiyənin bir yerdə olmaqdan, güc və imkanları birləşdirərək səfərbər etməkdən başqa yolu yoxdur.

Biz Azərbaycan parlamenti olaraq ABŞ Konqresinə etiraz bəyanatı ünvanladıq. Hesab edirəm ki, bu yöndə etirazlarımız davamlı olmalıdır. Çünki 70 milyonluq Türkiyəni 3 milyonluq Ermənistanın qarşısında diz çökdürməyə çalışan Qərb günün birində Azərbaycandan da bunu tələb edəcək. Buna imkan verməmək üçün müdafiə taktikasından hücum taktikasına keçmək lazımdır. Bütün beynəlxalq təşkilatlara bu yöndə müraciət olunmalı, ən başlıcası, Qarabağla bağlı sülh danışıqları prosesində vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun fəaliyyətindəki səmərəsizliyə son qoyulması tələb olunmalıdır. Həmsədr ölkələrdən o da tələb olunmalıdır ki, onların missiyası sadəcə, təcavüzkarı - Ermənistanı müdafiə etmək deyil. Ortada torpaqlarının iyirmi faizindən artığı işğal olunan Azərbaycan da var. O Azərbaycan ki, ərazisində baş verənlər nəinki beynəlxalq hüququn, elə həm də ATƏT-in əsas sənədi olan Helsinki Yekun Aktının prinsipləri ilə daban-dabana ziddir.

Zənnimcə, indi bizim bu situasiyadan uduşlu çıxmağımızın bir əsas elementi də o ola bilər ki, Türkiyənin ATƏT-in Minsk qrupunda həmsədr ölkəyə çevrilməsini tələb edək. Xatırlayırsınızsa, vaxtilə ATƏT-in Minsk qrupunun yaradılmasının əsas təşəbbüskarlarından olan Türkiyə həmsədrlikdən ona görə kənarda saxlanıldı ki, digər ölkələr onun Azərbaycanın maraqlarından çıxış edəcəyindən "ehtiyat”lanırdılar. İndi üç həmsədr ölkənin açıq-aşkar Ermənistanın havadarı rolunda çıxış etdiyi bir məqamda bunu tələb etmək Azərbaycanın haqqıdır.

Hətta Azərbaycan təzyiq vasitəsi kimi ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasından imtina məsələsini də gündəmə gətirməlidir.



http://mediaforum.az/articles.php?lang=az&page=02&article_id=20100309062233468
Kateqoriya: Tarix | Baxılanlar: 103 | Əlavə edən: admin | Reytinq: 0.0/0 |
Şərhlərin cəmi: 0
Şərhi ancaq qeydiyyatdan keçmiş uzerlər verə bilər.
[ Qeydiyyat | Giriş ]
» Mesaj
» Xəbər Arxivii
» Sorgu
Hansı Strateji Mərkəz çox fəaldı ?
Cəmi şərhlər: 315
» Dost Saytlar
» Statistika

Onlinedə cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
www.sayokan-az.com © 2010Бесплатный хостинг uCoz