Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğluna təbrik məktubu göndərib. ATXƏM Mətbuat Xidmətindən Yalquzaq.com-a daxil olan məktubda deyilir: "Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının ilk plenar iclasında qurumun prezidenti postuna seçilməyiniz bizdə qürur və iftixar hissi doğurmuşdur. Avropa Şurası Parlament Assambleyası ilə ölkəmiz arasında münasibətlərə və əməkdaşlığa xüsusi əhəmiyyət verərək, bu mötəbər qurumla əməkdaşlığın ölkəmizin Avropa Birliyinə inteqrasiya olunmasında xüsusi rol oynadığını dərk edirik. İnanırıq ki, dünyada sülh və barışdan yana olan qardaş Türkiyə Cümhuriyyətinin AŞ PA-ya rəhbərliyi dönəmində insan hüquqları və azadlıqlarının təmin olunması, demokratik dəyərlərin inkişaf etdirilməsi, regionda sülhün və sabitliyin bərqarar olunması daha da möhkəmlənəcəkdir. Yola saldığımız 2009-cu il Türkdilli dövlətlər üçün birlik və dinamik iqtisadi inkişaf ili kimi tarixə keçdi. Ümid edirik ki, yenicə qədəm qoyduğumuz 2010-cu ildə də bu uğurlar davam edəcək, dost, qardaş Türkiyə Cümhuriyyəti aparıcı dünya dövlətləri içərisində öz layiqli yerini tutacaqdır. Qazaxıstanın 2010-cu ildən başlayaraq Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, qardaş Türkiyə Cümhuriyyətinin Avropa Şurası Parlament Assambleyasına rəhbərlik etməsi bizdə əminlik yaradır ki, regionda və dünyada təhlükəsizliyin möhkəmlənməsi və dərinləşməsi üçün hər iki qardaş ölkə əlindən gələni edəcək, region dövlətləri arasındakı münaqişələrin həll olunmasında kəskin və tərəfsiz mövqe nümayiş etdirəcəkdir.Ümid edirik ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsi də belə bir zamanda gerçəkləşəcəkdir. Məhz bunu nəzərə alaraq, rəhbərlik etdiyim Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyi 2010-cu ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həyata keçirəcəyi layihənin əhatə dairəsində Qazaxıstan və Türkiyə Cümhuriyyətinin olmasını vacib sayaraq, mayıs ayında Ankara şəhərində, sentyabr ayında isə Almatı şəhərində Beynəlxalq konfrans keçirməyi planlaşdırmışdır. Əminik ki, regionda sülh və tərəqqi tərəfdarı olan qardaş türk xalqı Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman olduğu kimi Azərbaycanın haqq işini dəstəkləyəcəkdir”. |