Ağdam, 26 fevral 1992-ci il.
Həmin gün hava günəşli idi.
Qışın ayazı sir-sifətimizi göynətsə də bunu hiss etmirdik. Dərd qoymurdu bizə
göynərtini hiss etməyə, çünki dərdimizin göynərtisi duyğularımızı keyitmişdi və
əzabdan qıvrılan simamız qabar bağlayıb hissizləşmişdi.
Həmişə qələbəlik olan
küçələrdə adamların sırası seyrəlmişdi. Gözə dəyənlər isə qaş-qabaqları- nın
düyünündən qəzəbli görünsələr də gözlərindəki ümidsizlikdən doğan qayğı və
təlaş aydın sezilirdi.
Mən 25-indən şəhərdə idim.
Qoca valideynlərimə baş çəkməyə gəlmişdim. Gəlişim də çox hövlnak olmuşdu. 24-ündən
25-inə keçən gecə Ağdamın bombalandığını eşidib səhər tezdən yola çıxmışdım. Atam
təqaüdçü idi, amma yaxınlaşan fəlakəti mümkün saysa da şəhəri tərk etmək
fikrində deyildi. Ümidini evdəki kiçik kalibrli tüfəngə bağlamışdı. Ermənilər
başlarına bomba yağdıranda isə şəhərdəki əksər evlərdə olduğu kimi sığınacaq
rolunu oynayan zirzəmiyə sığınırdılar.
4 il idi ki, Qarabağ torpağı
od-alov içərisində yanırdı. Bir tərəfdən ermənilərin yağdırdıqları bombalar,
insanların öldürülməsi, şəhər və kəndlərin viran qoyulması, o biri tərəfdən Rusiya
dövlətinin separatçı erməni quldur qüvvələrini müdafiə etməsi, ta SSRİ
vaxtından azərbaycanlıların əl-qolunun bağlanaraq vəhşilikdən, quldurluqdan,
işğaldan müdafiə hüququnun pozulması hakimiyyətə və həyata inamsızlıq
yaratmışdı.
26-sı səhər valideynlərim çox
narahat idilər. "Görəsən, ermənilər bu gecə kimin evini viran qoyublar!?”-anam
stəkana çay süzə-süzə gərgin bir nigarançılıqla
sanki öz-özünə dedi.
Saat 9.30-da yeni xəbərləri
öyrənmək üçün evdən çıxıb şəhərin mərkəzinə tələsdim. Küçələrdə dünənkinə
nisbətən xeyli adam vardı. Hamı təlaş içərisində harasa qaçırdı. Şəhərin
mərkəzində və evimizə yaxın ərazidə yerləşən
məsciddən gələn hay-küyə görə ilk olaraq ora baş çəkdim. Qarşılaşdığım
mənzərə baş vermiş müdhiş fəlakətdən xəbər verirdi. Məscidin qarşısındakı
meydanda onlarca tabut, yaxud da kəfənlənmiş meyid vardı. Xeyli sayda meyid,
görünür tabut çatışmadığından yerə sərilmiş xalçaların üzərində yan-yana
düzülmüşdü.
Meyidlərə baxmaq adamdan ürək
istəyirdi:cəsədlərin üz-gözü parçalanmış, bədənləri al qan içərisində qurumuş,
kiminin ayağı, kiminin qolu kəsilmişdi. Bu meyidlər yuyulub kəfənlənmək üçün öz
növbələrini gözləyirdilər. Ağlayıb üz-gözünü cıran yaşlı qadınların heydən
düşmüş çığırtıları, qız-gəlinlərin ah-nalələri, mollaların oxuduğu Quran
ayələrinin yanıqlı sədası bir-birinə qarışmışdı.
Bu arada kimsə "Kəfən verin,
bayaq gətirdiyiniz qurtardı”-deyə qışqırdı. "Daha yoxdur kəfən, şəhərdə
olan-qalanı gətirmişdilər bayaq, Bərdəyə, Yevlağa adam göndərmişik kəfən
dalınca, bir az gözləyin”- kimsə ona cavab verdi. Qadınlar arasından "Kəfəni
olmayan balam, vayyy!” nidası ilə ucalan yanıqlı mərsiyə kütləni təlatümə
gətirdi və qarmaqarışıq şikayətlər bir-birinə qarışdı. Qəzəblənmiş adamlar kimə
ünvanlandığı bəlli olmayan hikkəli suallar yağdırırdılar: "Hanı bu hökumət,
harada gizlənibdir, bu ağır gündə də üzə çıxmayacaqsa, onda nəyə gərəkdir?!”,
"Hökumətliyiniz başınıza dəysin, heç olmasa imkan verin özümüz özümüzü
qoruyaq!”.
Müharibə dövründə nə baş
verdiyini anlamaq üçün əlavə məlumata ehtiyac yox idi. Üstəlik 4 il ərzində
Ağdam məscidində belə mənzərələrlə tez-tez qarşılaşmaq olurdu. İki ay əvvəl
Malıbəyli, Meşəli, Abdal-Gülablı kəndlərinə erməni hücumlarının nəticəsi də
belə fəlakətli olmuşdu. Amma bu dəfəki fəlakətin miqyası deyəsən ölçüyəgəlməz
idi. Daha səhih məlumat almaq üçün Ü.Hacıbəyov adına parkda yerləşən
"Veteranlar evi”nə tələsdim. Allahverdi Bağırovun başçılıq etdiyi xalq
özünümüdafiə dəstəsi orada məskən salmışdı. Parka yol mərkəzi meydandan
keçirdi.
Meydanda da insanlar
dəstə-dəstə gah məscid tərəfə, gah da "veteranlar evi”nə tərəf qaçışır, kimi ağlar,
kimi qəzəb dolu səslə bir-birlərini haraylayır, "Filankəsi görməmisən?” sualı
ilə nəfəsləri tıncıxa-tıncıxa danışırdılar. Nə baş verdiyi aydın idi, ermənilər
azəri türklərinin yaşadığı hansısa yaşayış məskəninə hücum etmiş, insanlarımızı
dədə-baba yurdlarından qovmuşdular. Fəlakətin ab-havası mənə də sirayət etdi və
daha dözə bilməyib qaçmağa başladım. "Veteranlar evi”nə çatanda məni dəhşət
bürüdü. Yaralılar əlindən içəridə tərpənmək mümkün deyildi. Qoca, cavan, qadın,
uşaq... Boş çarpayı qalmamışdı, yerdə kilimdən-palazdan sərib yaralıları sıra
ilə uzandırmışdılar. Bir neçə həkim və tibb bacısı onlara ilkin yardım
göstərirdi. Ağdam camaatı evindən əlinə keçən ərzağı, yorğan-döşəyi buraya
daşıyırdı. Amma bina kiçik və bu qədər adam üçün çox darısqal idi.
Bu vaxt kimsə "Allahverdigil
gəldi” deyə qışqırdı. Ayaqüstə olanlar bir-birlərini itələyə-itələyə hövlnak
bayıra qaçdılar. Mən də onlara qoşuldum. Özünümüdafiə dəstəsi iki yük maşını
dolusu yaralı gətirmişdi. Yaralıların ah-zar və iniltilərindən, onları
qarşılayanların hirs-hikkə dolu nalələrindən hava titrəyirdi. Qabaqda
Allahverdi qucağında ahıl bir kişi gəlirdi. Qocanın yalın ayaqlarını şaxta
vurub qaraltmışdı, sol ayağının parçalanmış baş barmağının qanı donmuşdu. Tərpənməyə və danışmağa taqəti yox
idi, ümidsiz baxışları ilə onu qarşılamağa yüyürənlər arasında çox güman ki,
qohum-əqrəbasını, dost-tanışlarını axtarırdı.
Allahverdinin dəstəsində
gətirilənlərin yerləşdirilməsi ilə vaxtilə Ağdam şəhər 1 nömrəli orta
məktəbində mənə həndəsədən dərs demiş Nəsrəddin müəllim məşğul olurdu. O
vaxtdan 18 il keçmişdi və onun hafizəmdə qalmış gəncliyə məxsus təkəbbürlü və
təşəxxüslü görkəmindən heç nə qalmamışdı. Məni görən kimi tanıdı, qayğılı və
əsəbi görkəmilə yalnız "Hə, sən də buradasan?!” deməyə imkan tapdı və iti
addımlarla onu çağıran yaralılara tərəf
getdi.
Baş vermiş fəlakətin təfərrüatını öyrənmək
üçün parkın yaxınlığından, şəhərin mərkəzindən
keçən Ağdam-Xankəndi yolunun üstündəki "Ağdam” restoranının yanına
getdim. Restoran çoxdan bağlanmışdı, işləmirdi. Onun ikimərtəbəli binasının
yaxınlığında bir-birindən 15 metrlik məsafədə iki "Alazan” raketinin izləri
vardı. Raketlərdən biri asfalta düşüb partlayaraq iri çala açmışdı. Digəri isə
torpaq sahəyə düşdüyündən partlamamışdı və yarıya qədər torpağa bataraq qalmışdı.
Adamlardan öyrəndim ki, bu
axşam ermənilər rus qoşunlarının köməyi ilə Ağdamdan 17-18 km məsafədə yerləşən kiçik
Xocalı şəhərinə hücum etmiş, zirehli maşınlardan, pulemyot və avtomatlardan
atəş açaraq dinc sakinləri kütləvi şəkildə qətlə yetirmiş, bir neçə yüz nəfəri
əsir götürmüş, qalan camaat isə şaxtanın qılınc kimi kəsdiyi soyuqda Qarqar
çayının yatağı ilə birtəhər qaçıb canını ölümdən qurtarmışdır. Qaçanların da
əksəriyyətinin bədən əzalarını şaxta vurub dondurmuşdu. Xocalı sakinlərinin danışdıqları heyrətamiz
dərəcədə dəhşətli idi.
Yenidən "veteranlar evi”nə qayıdıb
yaralıların vəziyyətini öyrənmək istədim. Parka daxil olanda biri əcnəbiyə
bənzəyən iki nəfərlə qarşılaşdım. Tərəddüd içərisində olduqlarını görüb nə
istədikləri ilə maraqlandım. Moskvada
akkreditə olunmuş bir yapon jurnalisti Qarabağ məsələsini araşdırmaq üçün
Ağdama gəlmişdi. O mənim jurnalist olduğumu biləndə dərhal suallara keçdi.
Suallarının mahiyyətindən aydın olurdu ki, Azərbaycan haqqında çox
məlumatsızdır və üstəlik cüzi bildiyi məsələlər də yanlış mahiyyət daşıyır. Belə dar macalda anlayışı
olmayan məsələ barədə bu yapon jurnalisti gedib nə yazacaqdı?! Hövsələmi basıb
imkanım daxilində Ermənistanın ölkəmizə basqınları, rusların hamiliyi və
iştirakı ilə haqsız ərazi iddiaları barədə tarixi mənbələrə istinadən informasiya
verməyə çalışdım. Vəziyyətin gərginliyi, soyqırıma məruz qalmış əhalinin
harayı, dərd əlindən ora-bura qaçışanların yaratdığı vahimə əcnəbi jurnalistin
fikrini tez-tez yayındırır, eyni sualları təkrar verirdi. Hiss etdim ki, baş
verənlərin xofu onu basıb və qəfil düşdüyü ekstremal vəziyyətdən özünü itirərək
nədən və necə başlamağı bilmir. Görünür, elə buna görə də o mənim yaralılarla
danışmaq təklifimə reaksiya verməyib tamam əks istiqamətə getməyə qərar verdi.
Yenidən "təzə gətirilənlər
var” harayını eşidib səs gələn tərəfə qaçdım. Yük maşını Xocalı tərəfdən
gəlirdi. Adamlar bir-birlərinə aman vermədən hərəkət edən maşının banına qalxıb
gətirilənlərin kimlərdən olduğunu öyrənməyə çalışırdı. Maşın dayanan kimi ona
yaxınlaşdım. Hardansa xarici informasiya agentliyinin (deyəsən "Reuters” idi)
reportyoru peyda oldu və gətirilənləri lentə almaq üçün maşının yük yerinə
qalxmağa çalışdı. Mən cəld tərpənib ondan əvvəl qalxdım. Banda dörd kişi meyidi
vardı. Yerə atılıb yerimi reportyora vermək istədim. Eyforiya içərisində olan
kütlə ona mane olmağa çalışırdı. "Niyə, nə üçün? Qoyun çəksin! Bizə lazımdır
ki, dünya bu qırğından xəbər tutsun!” deyə onlara müraciət etdim. "Yox, kimsə
qəzəblə qışqırdı, indiyə qədər çəkdiklərinin axırı nə olub ki, indi də nə
olsun?! Əksinə, çəkdiklərini dünyaya erməni kimi qələmə verirlər, guya biz
onları öldürür, döyüb yurdlarından qovuruq”. Çətinliklə olsa da tanıdığım
şəxslərin köməyilə reportyora öz işini görmək üçün imkan yarada bildim. Başında
qəhvəyi-sarı rəngli ondatra dərisindən papaq, əynində dəri gödəkçə, ayağında
dizəcən boğazlı rezin botu olan sərt üzlü bu qərbli reportyor yapon
jurnalistindən fərqli olaraq vəzifəsini stressiz yerinə yetirirdi. Bu vaxt adamlar arasında Türkiyənin
"Milliyyət” qəzetinin Azərbaycan üzrə müxbiri Rəhbər Bəşirlini, vaxtilə
jurnalistika fakültəsində mənimlə bir kursda oxumuş, indi isə MTN-nin Gəncə
bölməsində çalışan İlham İsmayılovu gördüm.
Şəraitin ekstremallığı son
həddə idi. Məni jurnalistlikdən çox təcavüzə məruz qalmış tərəf kimi "nə
etməli?” sualı düşündürürdü. Əl-qolumuz bağlanmışdı. Meydana çıxıb xalqa açıq
rəhbərlik etməyi bacaran yox idi. Gizli rəhbərlik edənlər isə təslimçilik
yolunu tutmuşdu. Hər dəfə hansısa şəhər viran qoyulanda, vətəndaşlarımız qətlə
yetiriləndə düşünürdük ki, daha bu sonuncudur, nəhayət hökumət xəyanətin
miqyasını və mahiyyətini dərk edəcək, "bundan o yana yol yoxdur” deyərək
müdafiə tədbirlərinə əl atacaq. Ancaq, heyhat! Adamların başını şaiyələrlə
qatırdılar. Bu dəfə də eyni ssenari baş verdi. Saat ikidə camaat arasında söz
gəzməyə başladı ki, Gəncədə yerləşən tank diviziyası yuxarıdan əmr alıb, elə bu
gün hücuma keçib Xocalını geri qaytaracaq. Camaat yenidən Xocalıya gedən yolun
üstünə toplaşıb tankları gözləməyə başladı. Bir saat keçmiş tanklar toz
qopara-qopara sürətlə şəhərə girdi. Böyük bir dəstə yumruqlarını sıxaraq inamla
tankların yolu üstünə çıxdı. Təxminən 30-a qədər tank olardı. Qabaqda gedən tankın
üstündəki lyukdan başını çıxaran hərbçi şəstlə adamlara əl elədi. (Onun çopur
sifəti yaxşı yadımda qaldı və bir neçə il sonra hətta televiziya ekranlarında
da görəndə tanıdım.) Amma dəstə "Ağdam” restoranını keçəndən 100 metr sonra,
köhnə hamamın yanından sağa burularaq yoluna davam etdi. Mən dərhal başa düşdüm
ki, onlar şəhər kənarındakı dairəvi yola çıxıb geriyə-Gəncəyə qayıdacaqlar.
Demək, yenə də yalançı manevrlə xalqı aldatmağa çalışdılar. Amma bir qism adam
bunu başa düşmədi və qalxan toz burulğanı havada əriyənə qədər ümidli gözlərini
tankların getdiyi istiqamətdən çəkmədilər.
Bu an ürəyimdə doğan suala
cavab tapmaq məqsədilə Allahverdi Bağırovu axtarmağa getdim. O, məskən
saldıqları "veteranlar evi”nin bir küncündə başının dəstəsi ilə sakitcə oturub
meyidlərin axtarışına göndərdiyi silahdaşlarından cavab gözləyirdi. Əlində
rasiya vardı. Dağlarda qalmış meyidləri dəstə döyüşə-döyüşə götürürdü.
Onu lap çoxdan tanıyırdım və
xasiyyətinə də bələd idim:dəli-dolu bir adam idi, hövsələsizliyi bir yana,
ədalətsizlik olan yerdə qabağına durmaq çətin məsələ idi. Elə kükrəyib daşardı
ki, haqsızlığa qol qoyanlar pərən-pərən düşərdi. İndi isə gərginlikdən sifəti
boğulmuşdu, əlacsızlıq sindromu hərəkətlərini süstləşdirmişdi. Qaynayan yalnız
xırda, mavi gözləri idi ki, bu da ondakı daxili inam və enerjinin tükənmədiyini
göstərirdi.
Ona yaxınlaşıb sakit, lakin
sərt tonda soruşdum:
-Hücum olacaq?!-sualimi
jurnalist kimi yox, təcavüzə məruz qalmış şəxsin döyüş arzusu kimi verdim.
Bir anlıq sükut edib əlindəki
avtomata baxdı və suala sualla cavab verdi:
-Nə ilə?!
O haqlı idi. Rusların
ermənilərə "hədiyyə” verdiyi hərbi texnikanın qarşısını avtomatla almaq mümkün
deyildi.
Vəziyyətin çıxılmazlığı adamı
boğurdu. İsteriyaya düşməmək üçün bayıra çıxıb, parkın sıx ağaclıq olan
hissəsinə çəkildim. Lakin orada da dözməyib meyidlərin "vəziyyəti”ni öyrənmək
üçün məscidin qabağına getdim. Bir neçə dəstə qadın nöhə deyə-deyə qətlə
yetirilənlərin yasını tuturdu. Bu vaxt qarşılaşdığım səhnə məni bir daha
sarsıtdı. Xocalıdan olan yaşlı qadın ortaya düşüb nöhənin ahənginə uyğun rəqs
edirdi. Kimsə ona fikir vermirdi. Siması heç nə ifadə etməyən qadınsa sanki
səhnədəymiş tək qol götürüb süzür, dingildəyə-dingildəyə dövrə vururdu. O,
dərddən havalanmışdı...
Rəsmi
məlumat
Fevralın
25-dən 26-na keçən gecə Ermənistan silahlı
qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində
yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi
ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər
toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı
səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə
qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq
ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən
şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü qətliamın qurbanı oldu. Bu
soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613
nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər
iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsindən yaralanan 487
nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı girov götürüldü, 150 xocalılı itkin düşdü. Dövlətin və
əhalinin əmlakına 1 aprel 1992-ci
il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur:
Bu hadisə Azərbaycanda və
Türkiyədə "Xocalı soyqırımı", "Xocalı faciəsi"
kimi anılır. Ermənistanda isə bu əməliyyat "Xocalı döyüşü", "Xocalı
hadisəsi" terminləri ilə ifadə olunur. Qərb və dünya mətbuatı "Xocalı
qətliamı" (en. "Khojaly
Massacre", fr. "Massacre de Khodjaly")
terminindən istifadə etməyə üstünlük verir.
18 il sonra...
O əzablı gündən 18 il keçir. Faciədən
sonra qısa müddətdə bütün dünya mətbuatı baş vermiş dəhşətlərdən yazdı.
Azərbaycanlılara qarşı ermənilərin soyqırım törətdiyi bu yazılarda təsdiq
olundu.
Tayms qəzeti (London), 4 mart 1992-ci
il:”Çoxları şikəst edilmişdi, balaca bir qızın isə yalnız başı qalmışdı”. Le
mond (Paris), 14 mart 1992-ci il:”Ağdamda olan xarici jurnalistlər Xocalıda
öldürülmüş qadın və uşaqlar arasında başlarının dərisi soyulmuş, dırnaqları
qoparılmış 3 meyid gördülər. Bu, Azərbaycanın təbliğatı deyil, reallıqdır”.
İzvestiya (Moskva), 4 mart 1992-ci
il:”Videokamera qulaqları kəsilmiş uşaqları göstərirdi. Bir qadının üzünün
yarısı çapılmışdı. Kişilərin dərisi soyulmuşdu.”
Humanizm və insan
hüquqlarından dəm vuran inkişaf etmiş dövlətlərin siyasi yetkililəri isə
özlərini xamlığa vurdular, insanların yalnız azərbaycanlı olduqlarına görə öldürülmələrinə
baxmayaraq bu faciəni "soyqırım” kimi təsbit etmədilər, "demokratik Avropa
sivilizasiyası” ilə fəxr edən siyasilər Azərbaycan torpaqlarının işğalını sözdə
pislədilər, işdə isə təcavüzkarı müdafiə etdilər. Bu hal indi də davam edir.
İşğalçıların torpaqlarımızdan
qeyd-şərtsiz çıxmaları haqqında BMT-nin 4 qətnaməsi, Avropa Şurasının
Ermənistanı təcavüzkar kimi tanıması barədə qərarı yerinə yetirilmir. Moskva
ilə Vaşınqton arasında sanki danışıqların pozulması uğrunda yarış gedir.
Hamı sülhdən danışır, amma sülhə doğru gedən
yolun qarşısına sədd çəkilir.
Hamı haqdan danışır, amma torpaqlarımızın
işğaldan azad olunmasını ilkin şərt kimi ortaya qoymur.
2008-ci
il. Azərbaycan, Bakı.
Hollandiyanın "Dünyada sülh, barışıq və ədalət” QHT-nın nümayəndəsi
Matyö Hörmansla dialoqdan bir parça
-Cənab Hörmans, əgər hər hansı
bir ölkə Hollandiyanın hansısa ərazisini işğal etsəydi, Siz həmin ölkəyə qarşı
müharibəyə başlardınız, yoxsa oturub gözləyərdiniz ki, kimsə gəlib
torpaqlarınızı azad etsin?
-Əlbəttə ki, müharibəyə
başlayardım.
-Bəs, onda nə üçün bizim
müharıbə çağırışlarımızı dəstəkləmirsiniz?
Cənab Hörmans tərəddüdlə sükut
edir və dərhal mövzunu dəyişməyə çalışır:
-Ermənilər deyirlər ki, onlar
sizinlə birgə yaşamaq istəmirlər, çünki siz onları öldürəcəksiniz.
-Biz müharibəni erməniləri
öldürməkdən ötrü yox, torpaqlarımızı azad etməkdən ötrü tələb edirik. Cənab
Hörmans, mən Qarabağda anadan olub, orada böyümüşəm. Mənim ilk addım atıb
yeriməyi öyrəndiyim evi yandırıb külə döndıriblər. Ancaq, biz torpaqlarımızı azad
edəndən sonra Azərbaycan vətəndaşı olan ermənilərin vətəndaş hüquqlarının
qorunmasında mən də iştirak edəcəyəm.
Matyö Hörmans bir söz deməyib
sadəcə gülümsəyir və bununla da onun daşıdığı missiya aydın olur.
25 yanvar 2010-cu il. Rusiya, Soçi kurort şəhəri.
Qarabağ probleminin həlli üçün
Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirilir. Görüşün
patronajı Rusiyadır. 18 il əvvəl Xocalı soyqırımının da, Qarabağın işğalının da
patronajı Rusiya olub. Bəs, indi ona nə lazımdır? Görüşün nəticəsini Rusiya XİN
başçısı Lavrov belə izah edir:
-Gələcək razılaşmanın
preambulası hazırdır. Amma razılaşmanın detallarına biz qarışa bilmərik, bunu
tərəflər özləri razılaşdırmalıdırlar. (Xalis xalq diplomatiyasının təbirincə,
yəni biz öz xeyrimizi preambulada təsbit etmişik, qalanı necə olacaq bizi
maraqlandırmır, özünüz razılaşın.)
Dünyada tanıdığım xalqlar
arasında iki xalqın danışıq dilində bir problemin həlli üçün "gəl, kişi kimi
söhbət edək” ifadəsi var. Türklərdə (bizdə) və ruslarda. Amma Kreml rusları
Qarabağ məsələsində öz milli ruhlarından çox uzaqlaşıblar. Bununla da sadiq
dostları- azərbaycanlıları da özlərindən uzaqlaşdırıblar. Ancaq bizim səbrimiz
tükənib, xalqımız "kişi söhbəti”, yəni müharibə tələb edir. Çünki, müharibə ilə
işğal olunmuş torpağı, müharibə ilə də azad etmək olar. Bu, mənim ixtiram
deyil, dünyagörmüş müdrik insanların kəlamıdır.
"Qarabağ dəftəri”nin qanla
yazılan səhifələri nə vaxt bitəcək, məlum deyil. |