Şakir Qaliboğlu "Ərəb jurnalistlərinin Qarabağ haqqında anlayışı yoxdur" - 20 Марта 2010 - Bakı Strateji Araşdırmalar və Xəbərlər Mərkəzi

Bakı Strateji Araşdırmalar və Xəbərlər  Mərkəzi


Cümə, 09.09.2010, 09:43
 
 
» Menyu
» Giriş Forması
E-mail:
Parol:
» Xəbər Bölmələri
İdman [8]
Qarabag [8]
Mədəniyyət [29]
Siyasət [710]
Kriminal [1]
Diaspora [74]
Müsahibələr [426]
İdealogiya [32]
Tarix [419]
Güney Azərbaycan [84]
» Axtarış
» Təqvim
» Reklamlar
» SAYOKAN


S A Y O K A N
Ön səhifə » 2010 » Mart » 20 » Şakir Qaliboğlu "Ərəb jurnalistlərinin Qarabağ haqqında anlayışı yoxdur"
Şakir Qaliboğlu "Ərəb jurnalistlərinin Qarabağ haqqında anlayışı yoxdur"
12:14
Novaya vremya" qəzetinin baş redaktoru Şakir Qaliboğlu Türkiyədə Türk Ekonomik Qəzetçilər Birliyinin təşkilatçılığı ilə baş tutan foruma qatılıb. Səfərdən qayıdan baş redaktor bizimlə söhbətində təəssüratlarını bölüşdü.

- Martın 11-14-də Türkiyədə Türk Ekonomik Qəzetçilər Birliyinin təşkilatçılığı ilə beynəlxalq forum keçirildi. Orada dünyanın 18 dövlətini - Yaxın Şərq və Qara dəniz hövzəsi ölkələrini təmsil edən nümayəndələr iştirak edirdilər. Bu ölkələrdən İraq, Suriya, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Qətər, Sudan, Oman, Kipr, Liviya, İran, Tunis, Livan və digər lövlətlərin təmsilçilərini göstərmək olar. O cümlədən Azərbaycandan mən dəvət edilmişdim.

- Nəyə görə məhz siz dəvət olunmuşdunuz?

- Mən dəvəti Ekonomik Qəzetçilər Birliyi başqanı Özləm Dəmirəldən almışdım. Yəqin ki, səfirlik vasitəsilə də maraqlanıblar.

- Türkiyədə Azərbaycanda rusdilli qəzetin fəaliyyətinə necə yanaşırlar?

- Çox yaxşı. Ora gələnlər əsasən ərəbdilli qəzetçilər idi. Türkdilli dövlətlərdən qatılmamışdılar. Əksinə, onlar maraqlıdırlar rus dili ilə məşğul olan insanlar da Türkiyənin ictimai-siyasi həyatı ilə yaxından tanış olsunlar. Rusiya - Türkiyə münasibətləri inkişaf etdiyinə görə, yəqin ki, rus dilində çıxan yazılar da onlar üçün maraqlıdır.

- Sadaladığınız tədbir iştirakçıları ən çox ərəb ölkələrinin təmsilçiləridir. Türkiyə həmişə bəyan edir ki, türkdilli dövlətlərlə sıx işləyəcək. Amma foruma Orta Asiyanın türkdilli dövlətlərini təmsil edən mətbuat nümayəndələri qatılmayıb...

- Orada gördüm ki, Türkiyə Yaxın Şərq, ərəb ölkələrinə çox böyük maraq göstərir və orada təsir gücünü artırmaq istəyir. Ora sərmayələrin yatırılmasına, Türkiyə iqtisadi siyasətinin yeridilməsinə çalışılır. Türkiyə təkcə türkdilli dövlətlər arasında yox, ümumiyyətlə, müsəlman dünyasında önəmli fiqura çevrilmək niyyətindədir.

- Tədbirin əsas məqsədi nə idi?

- Tədbirin əsas məqsədi Türkiyənin bugünkü iqtisadi-siyasi durumu, onun bölgəyə təciri, regiona sərmayə yatırımı və bölgə ilə bağlı mövqeyini müzakirə etmək idi.

- Səfər çərçivəsində dövlət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə görüşləriniz oldu?

- Səfərin ilk günü Türkiyədə fəaliyyət göstərən "Taf" şirkətinin icraçı direktoru ilə görüş keçirdik. Bu şirkət İstanbulun Atatürk Hava Limanını, eləcə də Ankarada, Gürcüstanda, Balkanlarda hava limanlarını inşa edib. Şirkət rəsmiləri bildirirlər ki, əgər dəvət olarsa, Azərbaycanda da bu işləri görməyə hazırdırlar. Səfərin 2-ci günü Türkiyə baş nazirinin birinci müavini, dövlət naziri Əli Babacanla görüşdük. Əli Babacan Türkiyənin bugünkü siyasi-iqtisadi durumu, bölgəylə əlaqəsi haqqında geniş nitq söylədi. Sonra Əli Babacanla orada iştirak edən baş redaktorlar arasında geniş dialoq oldu. "Nabukko" ilə bağlı Əli Babacana sual verdim. Bildirdi ki, bu kəmərin reallaşması üçün ilk növbədə qaz tapmaq lazımdır. Onun sözlərinə görə, Azərbaycanın qazı var, amma bu kifayət etmir. Dedi ki, əsasən Türkmənistanla danışmaq lazımdır. Bildirdi ki, İran, İraq və Rusiya qazı "Nabukko"ya qoşulsa, daha səmərəli olar. Sonra Ankara Sənaye Palatasının rəhbəri Nurəddin Özdəmir bizi qəbul etdi. O, Ankaranın sənayi inkişafı barədə geniş məlumatlar verdi. Ankaradakı son günü Türkiyənin dövlət naziri Zəfər Çağlay, energetika naziri Tunar Yıldız, maliyyə naziri Məhəmməd Şimşək və Böyük Millət Məclisinin bir neçə nümayəndələri ilə görüşlər keçirdik. Bu görüşlərdə də Türkiyənin Cənubi Qafqaz, Yaxın Şərqlə əlaqələri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı. Səfərin 3-cü günü İstanbulda davam etdi. Orada "Türk-Telekom" rəhbəri ilə görüşdük. Həmin günün axşamı "Türkiyə Palatalar və Biznesmenlər Birliyi" adlanan böyük bir təşkilatda olduq. Orada da iş adamlarının investisiya, bölgəyə yatırım maraqları və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparıldı.

- Görüşlərdə Qarabağ mövzusuna toxundunuz?

- Mənim xahişimlə Türkiyədə fəaliyyət göstərən 2 böyük mərkəzlə görüşüm baş tutdu. Bunlardan biri - Türkiyə İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Güvən Sak oldu. Mən bütün görüşlərimdə Azərbaycanın Ermənistan tərəfindən torpaqlarının 20 faizinin işğal edilməsini önə çəkirdim. Bu məsələ ilə bağlı ayrı-ayrı görüşlərdə, həmçinin ərəb dövlətlərinin nümayəndələri ilə söhbətlərimi də çatdırırdım. Qarabağın tarixi, iqtisadiyyatı, əhalisi, coğrafi durumu haqda bir sıra kitab və BMT-nin ingilis və rus dilində çap edilmiş 4 qətnaməsini də aparmışdım. Kitabları Güvən Saka təqdim etdim. Bildirdi ki, hazırda Türkiyənin ən böyük prioritetlərindən biri Çin - Rusiya dəmir və avtomobil yolunun açılmasıdır. Onlar ermənilərlə danışıqlar aparıb və Mehri dəhlizinin açılmasını təklif ediblər. Naxçıvandan keçməklə Çinə qədər ipək yolunu bərpa etmək istəyiblər. Onlar fikirləşirlər ki, bu vasitə ilə Naxçıvan blokadadan çıxmaqla yanaşı, köhnə ipək yolu da bərpa edilə bilər. Türkiyə üçün bu gün Rusiya ilə ticari-iqtisadi əlaqələr prioritet məsələlərdən biridir. Dağlıq Qarabağ, uydurma erməni soyqırımı, ABŞ Konqresi nümayəndələr palatasının xarici əlaqələr komitəsinin və İsveç Parlamentinin haqsız qərarı ilə bağlı müzakirələr aparıldı. Türkiyədə fikirləşirlər ki, bu, sərhədlərin açılması üçün rəsmi Ankaraya təhdid xarakteri daşıyır. Türkiyə Strateji Araşdırmalar Mərkəzinin başqanı Erkin Çitlioğlu ilə təkbətək görüşdük. Bu görüşlərdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ, uydurma soyqırım məsələsindən sonra Türkiyə - Amerika münasibətləri, sərhədlərin açılma ehtimalını araşdırmaq idi. Bilirsiniz ki, Türkiyə hökumətinin siyasətini strateji araşdırmalar mərkəzi hazırlayır. O dedi ki amerikanlar soyqırım məsələsi ilə iki divident qazanırlar. Bir tərəfdən erməni lobbisinin dəstəyini qazanır, digər tərəfdən Türkiyəyə şərt irəli sürürlər. Bildirirlər ki, bunu Konqresin nümayəndələr palatasının müzakirəsinə çıxarmaya bilərik. Bunun müqabilində ABŞ-ın istədiklərini Türkiyənin həyata keçirməsini planlaşdırırlar. Bu, İranla, Əfqanıstanla və sərhədlərin açılması ilə bağlı məsələdir. Çitlioğlu hətta bildirdi ki, ABŞ-ın qondarma soyqırım məsələsini qəbul etməsini istəyir. Dedi ki, bununla ABŞ-ın Türkiyəyə qarşı konkret siyasətinin nədən ibarət olduğunu açıqlaya və buna uyğun addım ata bilərlər. Söylədi ki, Qarabağ məsələsi həll edilmədən heç bir türk hakimiyyəti sərhədləri istəsələr belə açmayacaq. O, daha sonra bildirdi ki, sərhədləri açmaqla Ermənistanı Rusiyanın əlindən almaq və NATO-ya doğru yönəltmək planları var və bunu Türkiyənin əli ilə etmək istəyirlər. Onun fikrincə, Türkiyə buna getməyəcək. Çünki hazırda qardaş ölkə Rusiya ilə iqtisadi-siyasi müttəfiqdir və bunu çox önəmli sayır. Türkiyə anlayır ki, bölgədə Rusiyasız hər hansı iqtisadi-siyasi planları həyata keçirmək çox çətindir. Türkiyədə yaşayan Məhəmməd Adil adlı tunisli ərəb var. O, Türkiyə - Ərəb Forumunun rəhbəridir. Onun xahişi ilə ayrılıqda söhbət etdik. Bildirdi ki, Azərbaycan - Ərəb Forumunun formalaşmasını istəyir. Türkiyəyə gələn redaktorlar ərəb dünyasının aparıcı qəzetlərini təmsil edirdilər və onların demək olar ki, Qarabağ problemləri ilə bağlı anlayışları yoxdur. Azərbaycanın haqq işini, onun mədəniyyətini, tarixini, iqtisadiyyatını, apardığı siyasəti tanıtmaq üçün belə foruma ehtiyac var. O dedi ki, incəsənət, teatr, kino, turizm sahəsində Azərbaycana sərmayələr yatıra bilərlər. Bu da Azərbaycanın ərəb dünyasında tanınmasında çox böyük rol oynayar. Onlar Azərbaycanda olublar və fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşüb, bu haqda danışıqlar aparıblar. O təklif etdi ki, Azərbaycanda da belə forum keçirilsin və bura aparıcı insanlar dəvət olunsun. Azərbaycanın haqq işinin, Ermənistanın işğalçılıq siyasətinin ərəb dövlətlərinin qəzetləri tərəfindən işıqlandırılmasına əyani şərait yaransın. Türkiyədə bir QHT-nin keçirdiyi forumda nazirlər, dövlət nazirləri, böyük iş adamları, millət vəkilləri həvəslə iştirak edirdilər. Türkiyədə nazirlər çalışırlar ki, mətbuatda yazılan hər bir yazıya münasibət bildirsinlər, həqiqəti üzə çıxarsınlar. Yəni mətbuatda hansı problemə toxunulubsa, həmin məsələ mütləq araşdırılmalı və dəqiqləşdirilməlidir. Orada "Altun qələm" mükafatının verilməsi ilə bağlı keçirilən tədbirlərə qatıldıq. Nazirlərlə qəzetçilər, müxbirlər arasında çox yaxın münasibət gördüm. Nazirlər böyük hörmətlə jurnalistlərə yanaşırlar, onların fəaliyyətinin Türkiyə üçün əhəmiyyətindən ağızdolusu danışırlar. Buna görə Türkiyə mətbuatı bu ölkənin ictimai-siyasi əhəmiyyətində önəmli rol oynayır.

- Azərbaycanda belə forumun keçirilməsi nəzərdə tutulubmu?

- Təklif edildi ki, Azərbaycanda da belə bir forum keçirilsin. Belə olan halda, Qarabağ məsələsi dünyaya daha yaxşı tanıtdırıla bilər. Düzü, bizim gücümüzdə deyil ki, forumun keçirilməsini təşkil edək. Hökumət bunda maraqlı olmalıdır. Bu tədbirin reallaşması üçün həmin nümayəndə heyətini bura dəvət etmək lazımdır. Onlar QHT səviyyəsində bunu həll etmək istəyirlər. Ona görə də forumun formalaşması üçün QHT yaranmalı və Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməlidir. Onların təklifləri ilə tanış olandan sonra təsis yığıncağı keçirmək lazımdır.

- Bəlkə özünüz təşəbbüs göstərəsiniz?

- Mən özüm böyük məmnuniyyətlə bunu təşkil etmək istəyərəm. Amma buna maddi durum imkan verməlidir. Təkcə mən yox, bir neçə qəzetlə birləşib bu işi həyata keçirmək mümkündür. Yəni bir neçə qəzet təşkilat formasında birləşib bu addımı ata bilər.

Əli Zülfüqaroğlu

http://www.hafta-ichi.com/newv/2010/03/20/read=50082

 

Kateqoriya: Müsahibələr | Baxılanlar: 74 | Əlavə edən: admin | Reytinq: 0.0/0 |
Şərhlərin cəmi: 0
Şərhi ancaq qeydiyyatdan keçmiş uzerlər verə bilər.
[ Qeydiyyat | Giriş ]
» Mesaj
» Xəbər Arxivii
» Sorgu
Hansı Strateji Mərkəz çox fəaldı ?
Cəmi şərhlər: 315
» Dost Saytlar
» Statistika

Onlinedə cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
www.sayokan-az.com © 2010Бесплатный хостинг uCoz