Elxan ŞAHİNOĞLU «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həllinə yönələn yenilənmiş həll variantının məqbul olduğunu söylədikdən sonra estafeti digər rəsmilərimiz alıb. Milli Məclisin martın 16-da keçirilən iclasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı hakimiyyətin Madrid prinsiplərinin yenilənmiş variantına razı olduğunu bildirib. Belə getsə, dəstək açıqlamalarının sayı artacaq.
Ermənistanda isə nisbi sakitlikdir, İrəvanda "yenilənmiş Madrid prinsipləri” ifadəsi Bakıdakı qədər çox hallanmır. Yalnız bu gün Ermənistandan mövzu ilə bağlı rəsmi açıqlama gəlib. Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan jurnalistlərə açıqlamasında deyib ki, hazırda danışıqlar masasının üstündə yalnız 2007-ci ildə Madriddə qəbul olunmuş sənəd var, vasitəçilərin yeni təklifləri isə bu sənədi əvəz edə bilməz. Şavarş Köçəryan Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyin etməsi məsələsinə aydınlıq gətirilməyincə həll planının o biri bəndlərinin yerinə yetirilməyəcəyini vurğulayıb.
Bununla İrəvan Savarş Köçəryanın diliylə "yenilənmiş Madrid prinsipləri” anlayışını qəbul etmədiyini açıqlayıb.
Bundan sonra Azərbaycan ictimaiyyətində belə bir təsəvvür yarana bilər ki, Ermənistanın qəbul etmədiyi yenilənmiş həll planı avtomatik bizim xeyrimizə çevrilir. Ancaq bu, böyük dövlətlərlə Ermənistanın qurduğu oyunun tərkib hissəsi də ola bilər. Guya İrəvan vasitəçilərin yeni təkliflərindən narazıdır. Halbuki vasitəçilər yenilənmiş adı verilən planda da Dağlıq Qarabağın statusunun müəyyənləşməsi maddəsindən vaz keçməyiblər. Bunu "yenilənmiş Madrid prinsipləri”ni dəstəkləyən Elmar Məmmədyarov da etiraf edib. O, məlum açıqlamasında Ermənistan qoşunlarının 5 rayondan və Laçının 13 kəndindən çıxarılacağını, sonrakı mərhələdə Laçın və Kəlbəcər rayonlarının boşaldılacağını və məcburi köçkünlərin yerlərinə qayıdacağını söyləsə də, köhnə maddənin də yerində qaldığını vurğulayıb: "Bundan sonra Qarabağın statusunun müəyyənləşməsinə imkan yaranır”.
Laçının 13 kəndinin boşaldılması əlavəsini nəzərə almasaq, bunun nəyi yenilənmiş həll variantıdır?
Bundan əvvəl də deyilirdi ki, həll planının 95 faizi razılaşdırılıb, yerdə qalıb 5 faiz. Elə bütün anlaşılmazlıqlar, danışıqların dalana dirənməsi məhz həmin 5 faizin – Dağlıq Qarabağın statusunu müəyyənlədirəcək referendum tarixinin üzərində idi. Elmar Məmmədyarov Dağlıq Qarabağın statusunun Azərbaycanın tərkibində müəyyənləşəcəyini bildirib. Ancaq bu ifadəni Azərbaycan rəsmilərindən başqa kimsə işlətmir. "Yenilənmiş Madrid prinsiplərini” təklif edən vasitəçilərin dilindən "Dağlıq Qarabağın statusu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyənləşəcək” ifadəsini eşitməmişəm.
O da mümkündür ki, rəsmi Bakı bütün təhlükələrə rəğmən, yeni plana ona görə razılaşır ki, Azərbaycanın maraqlarına uyğun bəndlər yerinə yetirildikdən sonra Dağlıq Qarabağın statusu müddəasını yerinə yetirməyəcək.
Belə bir ssenarini nəzərdən keçirək: anlaşma imzalandıqdan sonra birinci mərhələdə işğal altındakı torpaqlar boşaldılır, qaçqınlar evlərinə qayıdır, beynəlxalq sülhməramlı qüvvələr Dağlıq Qarabağda yerləşdirilir. Belə bir vaxtda bölgədə aralıq status hökm sürür. Ancaq tədricən planda göstərilən referendum tarixi yetişir və ermənilər səsvermə keçirirlər, Dağlıq Qarabağın azərbaycanlı əhalisi səsvermədə iştirak etmir. Ardından rəsmi Bakı referendumun nəticələrinin Azərbaycan Konstitusiyasına zidd olduğunu açıqlayır.
Bundan sonra nə baş verir?
Aydındır ki, Azərbaycan hakimiyyəti üzərinə öhdəlik götürdüyünə və bölgəni sülhməramlı qüvvələr qoruduğuna görə referendumun nəticələrini aradan qaldırmaq üçün Dağlıq Qarabağa qoşun yeridə bilmir. Öz növbəsində Dağlıq Qarabağ separatçıları beynəlxalq aləmə müraciət edərək "müstəqilliklərinin” tanınmasını istəyirlər. Bu bir növ Kosovoda yaşananlara bənzəyir. İndi kim Azərbaycanla münasibətləri korlamaq istəmirsə, erməni separatçılarının "müstəqilliyini” tanımır, bir başqası isə Ermənistanla strateji münasibətlər xatirinə və ya erməni lobbisinin təsiri ilə həmin "müstəqilliyi” tanıyır. Bu mənada Ermənistana hansı dövlət(lər)in strateji müttəfiq olduğu da məlumdur, erməni lobbisinin hansı dövlət(lər)də meydan suladığı da bəllidir.
Serbiya da Kosovonun müstəqilliyini tanımırdı, Qərb dövlətlərinin bölgəni tanımaları siyasətini tənqid edirdi, ancaq zaman keçdikcə Belqradın mövqeyi yumşalmağa başladı və bu gün serblər separatçılarla beynəlxaq tədbirlərdə bir masada oturmağa hazırlaşırlar.
Kateqoriya: Siyasət |
Baxılanlar: 91 |
Əlavə edən: admin
| Reytinq: 0.0/0 |
Şərhlərin cəmi: 0
Şərhi ancaq qeydiyyatdan keçmiş uzerlər verə bilər. [ Qeydiyyat | Giriş ]